Məhkəmə Google-un reklam biznesini bölmədi, 6 illik nəzarət tətbiq etdi
Tech-Biznes
18.09.2026
ABŞ-nin federal məhkəməsi “Google” şirkətinin reklam texnologiyaları biznesini bölməyib. Hakim Leonie Brinkema inhisarla bağlı narahatlıqları azaltmaq üçün iş qaydalarının dəyişməsini kifayət sayıb. Qərara görə, “Google” reklam sistemlərini rəqiblərə daha açıq etməli və 6 il nəzarətdə qalmalıdır. Şirkət qərarla razılaşmayıb və apellyasiya şikayəti verəcəyini açıqlayıb.
Mübahisə əsasən “AdX” reklam birjası ilə sayt sahibləri üçün hazırlanmış reklam serverinin bir-birinə bağlı olması ilə əlaqədardır. ABŞ Ədliyyə Nazirliyi platformanın ədalətli idarə olunacağına inanmırdı. Sayt sahibləri “AdX” üzərindən reklam satarkən “Google” şirkətinə 20% komissiya ödəyirdi. Hakim biznesi bölmək əvəzinə xidmətlər arasındakı əlaqəni zəiflətməyi uyğun sayıb.
Qərara əsasən, “Google” reklam serverini “AdX” platformasından ayırmalıdır. Şirkət serverdən yararlanan saytları öz reklam birjasını seçməyə məcbur edə bilməz. Server rəqib reklam platformaları ilə də rahat işləməlidir. Beləliklə, “Google” öz xidmətlərinə üstünlük verə bilməyəcək, başqa şirkətlərin rəqabət aparması asanlaşacaq.
Dəyişikliklərə əməl olunmasını izləmək üçün “Google” daxilində ayrıca nəzarətçi təyin edilməlidir. O, şirkətin inhisar və rəqabətlə bağlı qaydalara əməl edib-etmədiyini yoxlayacaq. Məhdudiyyətlər və nəzarət 6 il davam edəcək. ABŞ Ədliyyə Nazirliyi müddətin 15 il olmasını istəmişdi. Nazirliyin rəsmisi Stanley Woodward Jr. məhkəmənin qərarını əhəmiyyətli qələbə adlandırıb.
Reklam hələ də “Google” şirkətinin əsas gəlir mənbəyidir. Son maliyyə ilində şirkət reklamdan 294,7 milyard dollar (təxminən 501 milyard manat) qazanıb. Ümumi gəlir 402,8 milyard dollara (təxminən 684,8 milyard manat) çatıb. Reklam gəlirləri ümumi məbləğin 73%-ni verib. Bu pay əvvəlki 2 ildə daha yüksək idi. Həmin illərdə göstərici 76% və 77% olub.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...