
Meta 200 milyon dollara Apple-ın süni zəka rəhbərini özünə cəlb edib
Tech-Biznes
11.07.2025
Emil
Bu həftə məlum olub ki, Meta daha əvvəl Apple şirkətində süni zəka modellərinin hazırlanması üzrə şöbəyə rəhbərlik etmiş Ruoming Pang-ı öz komandasına cəlb etməyə nail olub. Bloomberg agentliyi Meta-nın Superintelligence Labs (MSL) bölməsinin bu nadir mütəxəssisin keçidinə nə qədər vəsait xərclədiyini öyrənə bilib. Meta Pang-a süni zəka sahəsində mütəxəssislərin cəlb edilməsi uğrunda mübarizə tarixindəki ən iri ödənişlərdən birini təklif edib - söhbət bir neçə il üçün 200 milyon dollardan gedir. Mükafat paketinə əməkhaqqı, əmək müqaviləsinin imzalanması üçün verilən bonus və Meta səhmləri daxildir. Səhmlər bu paketdə ən böyük paya sahibdir. Bu ödənişin miqyası o qədər böyükdür ki, Apple-ın baş direktoru Tim Cook-un illik qazancını belə üstələyir.
Ruoming Pang:

Məhz buna görə də iPhone istehsalçısı Ruoming Pang-ı saxlamaq üçün qarşı təklif verməyə belə cəhd etməyib. Razılaşmanın şərtlərinə əsasən, Pang vəsaitin tamamını almayacaq - əgər Meta-da qalmazsa və şirkətin səhmləri yaxşı nəticə göstərməzsə. Bu, Silikon Vadisində standart praktika hesab olunur. Lakin bu vəziyyət Meta-nın MSL bölməsini inkişaf etdirmək naminə nələrə hazır olduğunu açıq şəkildə göstərir. Qeyd olunası məqam odur ki, bir neçə gün əvvəl Meta-nın texniki direktoru Andrew Bosworth işçi görüşündə əməkdaşlarını inandırmağa çalışıb ki, şirkət bu sahədə o qədər də aqressiv hərəkət etmir.

O bu fikri OpenAI-nin rəhbəri Sam Altman-ın “Meta bizim tədqiqatçılara 100 milyon dollara qədər təklif edir” bəyanatına cavab olaraq bildirib. Bosworth deyib: “Sam məsələni şişirdir... O deyir ki, biz bunu hər kəsə təklif edirik... Amma qulaq asın, uşaqlar, hazırda bazar çox aktivdir. Amma bu qədər də yox”. Pang-ın Apple-dan gedişi yalnız başlanğıc ola bilər. Əldə olan məlumatlara görə, onun əvvəlki şöbəsində çalışan bir neçə mühəndis ya Meta-dan gələn təklifləri nəzərdən keçirir, ya da başqa yerlərə keçidi planlaşdırır. Pang-ın gedişindən sonra Apple Foundation Models bölməsinin yeni rəhbəri Zhifeng Chen təyin olunub. Şöbənin daxilində isə idarəetmə strukturu dəyişdirilərək vəzifələr digər baş mühəndislər arasında bölüşdürülmüş şəkildə yenidən təşkil edilib.
Paylaş