
Microsoft 9000 nəfər işçini ixtisar edir
Tech-Biznes
03.07.2025
Emil
Microsoft növbəti dəfə işçilərin ixtisarını həyata keçirib. Bu dəfə ixtisar təxminən 4% heyəti və ya təxminən 9000 nəfəri əhatə edir. Bu, artıq bu il ərzində ikinci böyük ixtisar dalğasıdır. Şirkət süni zəka sahəsinə artan investisiyalar fonunda strukturunu optimallaşdırmaq və xərcləri azaltmaq məqsədilə bu qeyri-məşhur addımı atıb. Hazırkı ixtisar dalğası Microsoft-un Xbox bölməsinə ciddi təsir göstərəcək, lakin bununla məhdudlaşmayacaq. Müxtəlif şöbələr, bölgələr və müxtəlif səlahiyyət səviyyəsində olan əməkdaşlar bu prosesə cəlb olunacaq. Bu addım proseslərin optimallaşdırılması və idarəetmə səviyyələrinin azaldılması məqsədilə atılır.

“Biz şirkəti və komandamızı dinamik bazarda uğura daha yaxşı hazırlaşdırmaq üçün zəruri olan təşkilati dəyişiklikləri həyata keçirməyə davam edirik” - deyə şirkət nümayəndəsi qeyd edib. May ayında Microsoft artıq təxminən 6000 nəfəri ixtisar etmişdi. Bu dalğa xüsusilə mühəndisləri əhatə etmişdi. 2024-cü ilin iyun ayının sonuna olan məlumata görə, şirkətdə təxminən 228 000 nəfər çalışırdı, onlardan 45 000 nəfəri satış və marketinq şöbələrində vəzifə tuturdu. Microsoft adətən maliyyə ilinin sonuna yaxın - hansı ki, şirkət üçün iyun ayında başa çatır - kadr strukturunda dəyişikliklər və digər yeniliklər həyata keçirir. Kütləvi ixtisarlar süni zəkanın tətbiqi ilə əlaqədar olaraq dünyada texnoloji şirkətlərin artan xərcləri fonunda baş verir.

Bu xərclərə dil modellərinin öyrədilməsi, məlumat mərkəzlərinin yaradılması və yeni tətbiqlərin hazırlanması daxildir. Bloomberg Intelligence analitiki Anurag Rana-nın fikrincə, hazırkı ixtisarlar Microsoft-a süni zəka infrastrukturu üçün artan xərcləri kompensasiya etməyə kömək edə bilər və eyni zamanda, şirkətin daxili olaraq öz süni zəka alətlərinə keçidinin gücləndiyini göstərir. Bundan əlavə, restrukturizasiya fonunda məlum olub ki, Microsoft-un qlobal satışlar üzrə direktoru Judson Althoff iyul ayından başlayaraq 2 aylıq məzuniyyətə çıxmağı planlaşdırır. Şirkət bildirib ki, bu məzuniyyət əvvəlcədən planlaşdırılmışdı və top-menecer sentyabr ayında işinə geri dönəcək.
Paylaş
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
