Logo
    main-post-cover

    Microsoft işçilərinin 3%-ni ixtisar edəcək

    Tech-Biznes
    14.05.2025
    Emil
         Microsoft şirkəti bütün dünyadakı bölmələrində çalışan əməkdaşlarının 3%-ni ixtisar edəcəyini elan edib. Şirkət 25.8 milyard dollarla rekord səviyyədə rüblük mənfəət əldə etməsinə baxmayaraq, bu qərarı dinamik bazar şəraitinə uyğunlaşmaq və idarəetmə səviyyələrini azaltmaq zərurəti ilə əsaslandırıb. Bildirilir ki, bu, 2023-cü ilin əvvəlindən bəri baş verən ən böyük ixtisar dalğasıdır. Microsoft təsdiqləyib ki, ixtisarlar bütün səviyyələrdəki əməkdaşlara şamil olunacaq, lakin bu qərar onların fəaliyyət nəticələri ilə əlaqəli deyil. Windows Central portalı şirkət nümayəndələrinə istinadən qeyd edib ki, bu qərar bazarın sürətlə dəyişdiyi şəraitdə daha əlverişli mövqe tutmaq məqsədilə təşkilati dəyişikliklərlə bağlıdır.
         İyunun sonuna olan məlumata görə, Microsoft-da 228 min nəfər çalışırdı, bu da təxminən 6800 nəfərin işdən azad olunacağı deməkdir. Yanvar ayında fəaliyyət göstəriciləri ilə əlaqəli olaraq müəyyən sayda əməkdaşın ixtisarı baş vermişdi, lakin hazırkı ixtisar dalğasının struktur xarakterli olduğu izah edilir. Qeyd edək ki, oxşar addımı yaxın vaxtlarda Amazon da atmış və idarəetmədəki “lazımsız səviyyələrdən” imtina etmişdi. Elə ötən həftə isə CrowdStrike şirkəti əməkdaşlarının 5%-ni ixtisar edəcəyini açıqladı. Bütün bunlar informasiya texnologiyaları sektorunda yeni bir tendensiyanın formalaşdığını göstərir.
         Microsoft-un rəhbəri Satya Nadella bir müddət əvvəl satış strategiyasında, xüsusilə də bulud texnologiyaları sahəsində dəyişikliklərin vacibliyini vurğulamışdı. Azure-un süni zəka ilə bağlı olmayan gəliri gözləntilərdən aşağı olsa da, süni zəka xidmətləri sahəsi əksinə, daxili proqnozları üstələyib. Nadella qeyd edib ki, texnoloji platformaların dəyişdiyi dövrdə stimulları və bazar yanaşmalarını düzgün şəkildə uyğunlaşdırmaq üçün köhnəlmiş modellərə bağlı qalmaq yox, yeni imkanlara üstünlük vermək vacibdir. İxtisarlara baxmayaraq, Microsoft-un maliyyə vəziyyəti sabit olaraq qalır. Şirkətin səhm qiymətləri bazar ertəsi günü ilin əvvəlindən bəri maksimum həddə - 449.26$-a çatıb. Ötən ilin iyul ayında isə səhm qiymətləri ümumiyyətlə rekord səviyyədə - 467.56$-a bağlanmışdı.
    Paylaş