Logo
    main-post-cover

    Microsoft süni zəka səbəbilə minlərlə işçini ixtisar edəcək

    Tech-Biznes
    19.06.2025
    Emil
         Microsoft süni zəka texnologiyalarına artan xərclər fonunda minlərlə iş yerini ixtisar etməyi planlaşdırır. Bloomberg-in vəziyyətlə tanış mənbələrə istinadən verdiyi məlumata görə, ixtisar olunacaq iş yerlərinin əhəmiyyətli hissəsi şirkətin satış şöbələri ilə bağlıdır. Agentliyin mənbələrinin bildirdiklərinə görə, ixtisarlar barədə rəsmi elan gələn ayın əvvəlində - Microsoft maliyyə ilini başa vurduqdan sonra veriləcək. Satış şöbələrinin əməkdaşlarından əlavə, digər bölmələrin əməkdaşları da bu ixtisarlara düşə bilər. Mənbələr qeyd edirlər ki, ixtisarların dəqiq vaxtı da dəyişə bilər.
         Microsoft şirkəti isə bu məsələ ilə bağlı şərh verməkdən imtina edib. May ayında şirkət 6000-dən çox işçini işdən azad etmişdi. Həmin vaxt əsasən müştərilərlə iş, xüsusilə satış və marketinq şöbələrinin əməkdaşları ixtisara düşmüşdü. Aprel ayında Microsoft əməkdaşlarına bildirib ki, kiçik və orta biznes seqmentində proqram təminatının əsas satış həcminin idarə olunması üçün kənar firmaların cəlb olunması planlaşdırılır.
         Microsoft qeyd edib ki, davamlı artımı təmin etmək məqsədilə təşkilati strukturu mütəmadi olaraq yenidən nəzərdən keçirir. Şirkət serverlərə və məlumat mərkəzlərinə 10 milyardlarla dollar xərclədiyi üçün rəhbərlik həm investorları məlumatlandırıb, həm də əməkdaşları xəbərdar edib ki, digər sahələrdə xərclər məhdudlaşdırılacaq. 2024-cü ilin iyun ayının sonuna olan məlumata görə, Microsoft şirkətində 228 000 nəfər çalışırdı, onlardan 45 000-ni satış və marketinq şöbələrində işləyirdi. Microsoft, adətən, maliyyə ilinin sonunda - iyun ayında başa çatan dövrdə komanda tərkiblərində dəyişikliklər və digər yenidənqurma tədbirləri həyata keçirir.
    Mənbə: Bloomberg
    Paylaş