Logo
    main-post-cover

    Microsoft-un bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçib

    Tech-Biznes
    31.07.2025
    Emil
         Məlumata görə, 4 trilyon dollar bazar dəyəri klubuna ikinci şirkət də daxil olub. Çərşənbə günü müsbət maliyyə hesabatı dərc edildikdən sonra Microsoft-un səhmləri 8% artaraq proqram təminatı nəhənginin bazar dəyərini təxminən 4.1 trilyon dollara çatdırıb. Əgər artım cümə axşamı da davam edərsə, Microsoft bu ayın əvvəlində ilk dəfə 4 trilyon dollarlıq həddə çatan və hazırda 4.37 trilyon dollar dəyərində qiymətləndirilən çip istehsalçısı NVIDIA-ya yaxınlaşacaq. Microsoft-un gəliri 18% artaraq son 3 ilin ən yüksək göstəricisinə çatıb. Bu artımda Azure bulud xidmətlərinin inkişafı mühüm rol oynayıb.
         Şirkət ilk dəfə olaraq Azure-un gəlirlərini ayrıca açıqlayıb və bildirib ki, Azure və digər bulud xidmətlərinin satışları 2025-ci maliyyə ilində 75 milyard dolları keçib - bu da ötən illə müqayisədə 34% artım deməkdir. Çərşənbə günü ticarət sessiyası bağlandıqda Microsoft-un səhmləri ilin əvvəlindən bəri 22% artaraq eyni dövrdə 8% yüksələn S&P 500 indeksini geridə qoyub. 25 iyul tarixində Microsoft-un səhmləri bağlanış zamanı rekord səviyyəyə - 513.71$-a çatıb. Genişləndirilmiş sessiyada isə qiymət 553$-ı keçib. NVIDIA və Microsoft süni intellekt boom-u nəticəsində ən çox fayda əldə edən iki ən böyük şirkətdir. Hər iki şirkət bazar kapitallaşması reytinqində Apple-ı geridə qoyub.
         Hazırda Apple təxminən 3.2 trilyon dollar kapitallaşma ilə üçüncü yerdə qərarlaşıb. Bu il iPhone istehsalçısının süni intellekt sahəsində geri qalması ilə bağlı investorların narahatlıqları fonunda Apple-ın səhmləri 17% dəyər itirib. Şirkət öz rüblük maliyyə nəticələrini cümə axşamı ticarət sessiyasının bağlanmasından sonra açıqlayacaq. Texnologiya nəhəngləri arasında 2025-ci ildə ən yaxşı göstəricini NVIDIA nümayiş etdirib - şirkətin səhmləri 33% artıb. NVIDIA-nın qrafik prosessorları Microsoft, OpenAI, Google, Meta və digər şirkətlər tərəfindən hazırlanmış böyük dil modellərinin əsasını təşkil edir. Bu texnologiya nəhənglərinə məxsus məlumat emalı mərkəzlərində məhz NVIDIA sürətləndiricilərindən istifadə olunur. NVIDIA-nın maliyyə nəticələrinin avqust ayının sonunda açıqlanacağı gözlənilir.
    Paylaş