
Nothing özünün CMF brendini müstəqil törəmə şirkətə çevirir
Tech-Biznes
25.09.2025
Emil
Nothing şirkəti elan edib ki, büdcə seqmentinə aid cihazları buraxdığı CMF brendini müstəqil törəmə şirkətə çevirir və bu şirkətin baş ofisi Hindistanda yerləşəcək. 2023-cü ildən etibarən şirkət CMF brendi altında münasib qiymətli smartfonlar, qulaqlıqlar və ağıllı saatlar istehsal edir. Nothing həmçinin Hindistanın ODM istehsalçısı Optiemus ilə tərəfdaşlıq müqaviləsi bağladığını açıqlayıb. Məqsəd birgə istehsal müəssisəsi yaratmaqdır. Şirkət gələcək müəssisənin mülkiyyət strukturuna dair detallara toxunmayıb. Bununla belə, qarşıdakı 3 ildə bu müəssisəyə 100 milyon dollardan artıq sərmayə yatırmağı və bunun nəticəsində 1800-dən çox iş yeri yaratmağı planlaşdırdığını bildirib.

Bundan əlavə, Nothing bir müddət əvvəl Tiger Global-ın rəhbərlik etdiyi C seriyalı maliyyələşdirmə raundu çərçivəsində 200 milyon dollar vəsait cəlb edib. Lakin şirkət bu raunddan toplanmış vəsaitin nə qədərinin yeni müəssisənin yaradılmasına yönəldiləcəyini açıqlamayıb. Məlumata görə, Nothing şirkətinin Hindistanı CMF-in əməliyyat qərargahı kimi seçməsi bir neçə səbəbdən məntiqli görünür. CMF smartfonları 200$-dan aşağı qiymətə təklif olunur. Bu kateqoriya Hindistanda dominantdır: IDC məlumatına görə, 2025-ci ilin ikinci rübündə çatdırılan smartfonların 42%-dən çoxu 100-200$ qiymət diapazonunda olub.

Hindistan həm də Nothing üçün ən perspektivli bazardır, çünki burada qlobal smartfon bazarının 2%-dən çoxu cəmlənib. IDC bildirib ki, Nothing 2025-ci ilin ikinci rübündə ölkədə ən sürətlə böyüyən brendə çevrilib və illik müqayisədə tədarük həcmini 85% artırıb. “Hindi̇stan qlobal smartfon sənayesinin gələcəyinin formalaşmasında açar rol oynayacaq. CMF bazarda 2 il əvvəl fəaliyyətə başladığımız andan yaxşı qarşılanıb. Geniş imkanlarımız sayəsində biz onu Hindistanda ilk həqiqətən qlobal smartfon brendinə çevirmək üçün unikal mövqedəyik. Optiemus ilə birgə müəssisəmiz bu ideyanı gerçəkləşdirmək yolunda əsas addımdır” - deyə Nothing şirkətinin baş icraçı direktoru Carl Pei bildirib.
Paylaş