Logo
    main-post-cover

    Perplexity şirkəti Chrome-u 34.5 milyard dollara almağı təklif edib

    Tech-Biznes
    13.08.2025
    Emil
         Perplexity şirkəti Google Chrome brauzerini 34.5 milyard dollara almaq təklifi ilə çıxış edib. Bu məbləğ süni intellekt sahəsində çalışan startapın bazar dəyərindən (18 milyard dollar) demək olar ki, 2 dəfə çoxdur. Məlumata görə, Perplexity bu təklifini çərşənbə axşamı göndərib. Bu, ABŞ hökumətinin Google-u dünyanın ən məşhur brauzerini satmağa məcbur edəcəyi təqdirdə Chrome-u almağa hazır olduğunu bəyan etməsindən bir neçə ay sonrasına təsadüf edir. Bu ilin əvvəlində startap həmçinin TikTok-un ABŞ-dakı aktivlərini almağı da təklif etmişdi. Google isə hələlik Chrome-u satmağa hazır olduğunu açıqlamayıb - ən azı məhkəmə belə bir qərar verməyənə qədər.
         Perplexity nümayəndəsi Jesse Dwyer məlumatın düzgünlüyünü təsdiqləyib. Chrome-un alınması ilə bağlı təklif, təxminən 18 milyard dollar bazar dəyərinə malik olan Perplexity-nin qiyməti ilə müqayisədə, Google brauzeri üçün təklif edilən məbləğin demək olar 2 dəfə çox olması ilə kəskin fərqlənir. Perplexity-nin biznesin inkişafı direktoru Dmitry Shevelenko Bloomberg-ə bildirib ki, “bir neçə iri investisiya fondu sövdələşməni tamamilə maliyyələşdirməyə razılaşıb”. Startapın nümayəndəsi həmçinin qeyd edib ki, əgər Google razılaşmaya qoşularsa, Perplexity növbəti 2 il ərzində Chrome və Chromium-un inkişafına 3 milyard dollardan çox investisiya qoyacaq.
         Daha əvvəl Chrome-u almaq istəyi OpenAI şirkəti tərəfindən də səsləndirilmişdi. ABŞ Ədliyyə Nazirliyi, məhkəmənin Google-u monopolist elan etməsindən sonra, Chrome-un məcburi satışına nail olmağa çalışır. Şirkətə milyardlarla dollarlıq müqavilələr nəticəsində axtarış sisteminin brauzerlərdə və Apple ilə Samsung smartfonlarında əsas xidmətə çevrilməsi səbəbindən qanunu pozmaqda ittiham irəli sürülüb. İş üzrə qərarın avqustun sonuna qədər açıqlanacağı gözlənilir. Google isə bölünməyə qarşı çıxır.
    Paylaş