Logo
    Volkswagen 50 000 iş yerini ixtisar edəcək, bəzi zavodları bağlaya bilər

    Volkswagen 50 000 iş yerini ixtisar edəcək, bəzi zavodları bağlaya bilər

    Tech-Biznes
    04.09.2026
        “Volkswagen” tarixinin ən geniş strateji dəyişiklik proqramı adlandırdığı “Future Plan 2030” planını təsdiqləyib. Şirkət rəhbər vəzifələr də daxil olmaqla 50 000 iş yerini ixtisar edəcək. Əsas maliyyə hədəfi 2030-cu ilədək əməliyyat mənfəəti marjasını 9 faizə çatdırmaqdır. Bu göstərici avtomobil satışından gələn gəlirin nə qədərinin şirkətin əsas fəaliyyətindən əldə olunan mənfəət kimi qaldığını göstərir.
    Volkswagen 50 000 iş yerini ixtisar edəcək, bəzi zavodları bağlaya bilər
        “Volkswagen” bu qərarı qlobal rəqabətin güclənməsi, avtomobillərə tələbin dəyişməsi və yeni texnologiyalara keçidlə izah edir. Şirkət 50 000 vəzifənin ləğvini bu ilin əvvəlində də gündəmə gətirmişdi. Həmin vaxt əsas səbəblər arasında Donald Trampın tətbiq etdiyi gömrük rüsumları və şirkətin Çində yerli istehsalçılar qarşısında satış itirməsi göstərilirdi. Çin dünyanın ən böyük avtomobil bazarıdır. İyun ayında ixtisarların 100 000 nəfərə çata biləcəyi bildirilirdi. Lakin təsdiqlənən planda 50 000 iş yerinin ləğvi nəzərdə tutulur.
        “Volkswagen” iş yerlərini azaltmaqla yanaşı, Avropadakı bəzi zavodları başqa məqsədlərlə işlətməyi və ya bağlamağı nəzərdən keçirir. Şirkətin Avropadakı zavodları mövcud tələbdən 500 000-dən çox avtomobil istehsal edə biləcək əlavə gücə malikdir. Almaniyadakı Emden, Zwickau, Hanover və Neckarsulm zavodlarından alternativ məqsədlərlə istifadə imkanları qiymətləndirilir. Bu müəssisələrin gələcəyi ilə bağlı qərarın 2027-ci ilin iyun ayının sonunadək verilməsi planlaşdırılır.
        Plan çərçivəsində məhsul çeşidi də ciddi şəkildə kiçildiləcək. “Volkswagen” model çeşidini 50 faiz, məhsul seçimlərindəki mürəkkəbliyi isə 75 faiz azaltmağı düşünür. Yəni alıcılara daha az model və seçim təqdim olunacaq. Zəif satılan avtomobillərin istehsalı dayandırılacaq, diqqət isə daha az sayda modelə yönələcək. Şirkət bununla daha çox satılan avtomobilləri böyük həcmdə istehsal etməyi hədəfləyir.
        Bununla yanaşı, “Volkswagen Group” şirkətinin İspaniyanın “Seat” markasını dayandırmağa hazırlaşdığı barədə məlumat yayılıb. Lakin planın açıqlamasında “Seat” markasının bağlanacağı ayrıca təsdiqlənməyib. Əvvəllər “Seat” markasının tərkibində olan, daha sonra müstəqil markaya çevrilən “Cupra” isə saxlanılacaq. Qrup daha az model üzərində cəmləşmək və yüksək satış göstəricisinə malik avtomobillərə üstünlük vermək niyyətindədir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...