
Xiaomi 2024-cü ilin ən sürətlə böyüyən smartfon istehsalçısı olub
Tech-Biznes
15.01.2025
Emil
Counterpoint Research şirkətinin təqdim etmiş olduğu statistikaya əsasən Xiaomi 2024-cü ildə dünyanın ən sürətlə böyüyən smartfon istehsalçısı olub. Samsung və Apple kimi şirkətlərin smartfon bazarındakı pay göstəricilərinin bir qədər aşağı düşdükləri halda Xiaomi bu bazardakı pay göstəricisini 1% artırıb. Bu, şirkətin öz cihazlar portfoliosunun yenidən təşkili, onun premium cihazlara daha çox diqqət ayırması, marketinq kampaniyalarını yaxşılaşdırması və Avropa, Asiya və Afrika kimi bazarlarda aqressiv şəkildə irəliləməsi hesabına mümkün olub.

Maraqlısı ondadır ki, Xiaomi bu cür nəticəni ABŞ bazarında satışların olmadığı halda əldə edə bilib. 2023-cü il ilə müqayisədə 2024-cü ildə smartfon bazarı ümumilikdə 4% artım sərgiləyib. Bu bazarın lideri qismində hələ də Samsung şirkəti qalır. Belə ki, o, bazarın 19%-nə sahibdir. Apple 18%-lik pay göstəricisi ilə bazarın ikincisidir. Üçüncü yerdə 14%-lik göstərici ilə Xiaomi, dördüncü yerdə 8%-lik göstərici ilə OPPO, beşinci yerdə isə 8%-lik göstərici ilə Vivo qərarlaşıb.
Paylaş