
Apple şirkətinin qarışıq reallıq cihazı Face ID analoqu ilə təchiz olunacaq
Texnologiya
16.10.2022
Emil Noisy
İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkətinin gələn ilin əvvəlində təqdim edilməsi gözlənilən qarışıq reallıq (Mixed Reality / MR) cihazı istifadəçi gözünün qüzehli qişasının skanı ilə təchiz olunacaq. Məlumatda qeyd edilib ki, istifadəçi gözünün qüzehli qişasının skan texnologiyası qarışıq reallıq cihazı vasitəsilə istifadəçi hesablarına daxil olmaq və ödənişlərin təsdiq edilməsi üçün istifadə ediləcək. İnsayderlər qeyd ediblər ki, bu texnologiya artıq Apple şirkətinin smartfonlarında istifadə edilən Face ID texnologiyasının analoqu olacaq. İstifadəçinin bu üsul ilə identifikasiyası onun cihazı taxdığı an baş verəcək. Bu isə öz növbəsində cihazdan müxtəlif insanların istifadə etmə prosesini sadələşdirəcək.
Bundan əlavə olaraq şəxsiyyətin sözügedən üsul ilə təsdiqlənmə üsulu müxtəlif istifadəçi hesablarına giriş və ödənişləri reallaşdırmaq imkanını verəcək. Gözün qüzehli qişasının skanı üçün qarışıq reallıq cihazının daxili kameraları istifadə ediləcək. Həmin kameralar həmçinin istifadəçinin gözlərinin hərəkətlərini də təyin edəcək. Məlumatda qeyd edilib ki, Apple şirkətinin qarışıq reallıq cihazının konstruksiyasında 14 ədəd kamera mövcud olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Meta şirkətinin təqdim etmiş olduğu Quest Pro adlı VR cihazın konstruksiyasında 10 ədəd kamera movcuddur.
Apple şirkətinin qarışıq reallıq cihazında kameralar istifadəçi hərəkətlərinin təyin edilməsində istifadə ediləcək. Bunun hesabına virtual avatarlar real şəxsin hərəkətlərini təkrarlaya biləcəklər. Cihazın konstruksiyasında olacaq kameralardan ikisi aşağı istiqamətlənəcək və onlar istifadəçi ayaqlarının hərəkətlərini təyin edəcəklər. Məlumatda qeyd edilib ki, qarışıq reallıq cihazı xarici görünüşcə xizək eynəklərini xatırladır. Çox güman ki, Meta-nın VR cihazından fərqli olaraq Apple şirkətinin qarışıq reallıq cihazı daha nazik və yüngül konstruksiyaya sahib olacaq.
Linki kopyala
Həftənin xəbərləri

