main-post-cover

    Çində təkmilləşdirilmiş genlərə sahib uşaqların dünyaya gəlməsi üzrə istintaq aparılacaq

    27.11.2018
    Farid Pardashunas
    Çinli tədqiqatçının dünyada ilk dəfə redaktə olunmuş genoma sahib uşaqların dünyaya gəlməsi xəbəri bütün dünyada və hətta Çinin özündə mənfi reaksiyalara səbəb oldu. Bu səbəbdən çinli məmurlar sözügedən tibbi təcrübə üzrə istintaqa start verəcəklər. Qeyd edək ki, dünən biz xəbər vermişdik ki, çinli alim Jiankui He-nin rəhbərliyi altında CRISPR texnologiyasından istifadə edilərək DNT-ləri redaktə edilmiş ilk uşaqlar dünyaya gəlib. Lulu Nana adlı əkiz qız uşaqlarının genomları elə şəkildə dəyişdirilib ki, onlar QİÇS xəstəliyinə yoluxmasınlar. Jiankui He-nin sözlərinə görə dünyaya gəlmiş uşaqlar tam sağlamdılar. Lakin buna baxmayaraq alimin bu təcrübəsinin nəticələri heç bir jurnalda və ya başqa mənbədə dərc olunmayıb.
    Qeyd etmək lazımdır ki, bir çox ölkələrdə insan embrionlarının genlərinin redaktə edilməsi qadağandır. Çinli tədqiqatçılar isə bu cür etik məsələlərə o qədər də həssas yanaşmayıblar. Lakin Jiankui He-nin bu tibbi təcrübə barəsindəki bəyanatı ölkədə mənfi fikirlərə səbəb olub. Belə ki, 120-dən çox çinli alim bu cür təcrübəni dəlilik adlandırıb və bu cür təcrübələrin aparılmasının qadağan edilməsini tələb edib. Həmin alimlərə həmçinin 40-yaxın hüquqşünasdan ibarət qrup da daxil olub. Hüquqşünaslar bu məsələdə qanunların pozulması üzrə istintaqın aparılmasını tələb ediblər.
    Baxmayaraq ki, Çində embrion genlərinin redaktə olunması qadağan deyil, səhiyyə nazirliyi bu barədə etik məsləhlətlər verir. Həmin etik məsləhətlərə əsasən geni redaktə olunmuş heç bir yumurtalıq ana bətninə daxil edilməməli və heç bir inkişafa təkan verilməməlidir. Bu halda qadının doğuş etməsindən söhbət belə gedə bilməz. Bu mövzuda çoxlu sayda mənfi fikirlər səbəbilə Çinin səhiyyə sahəsindəki milli komissiyası Jiankui He-nin bu tədqiqatı üzrə istintaq etməyə qərar verib. Digər ölkələrdən olan alimlər də genetik təkmilləşdirilmiş uşaqların dünyaya gəlmələrinə qarşı çıxıblar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər