
Huawei MatePad Pro 11 planşeti və titan gövdəli yeni Watch 3 Pro (2022) smart saatı təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
28.07.2022
Emil
HarmonyOS 3.0 əməliyyat sistemi ilə yanaşı Huawei şirkəti həmçinin MatePad Pro 11 adlı planşet modelini və yeni Watch 3 Pro (2022) smart saatını təqdim edib. Yeni planşet keyfiyyətli OLED ekran, Qualcomm prosessoru və güclü audio sistem ilə təchiz olunub. Şirkətin verdiyi məlumata əsasən planşetin 449 qramm çəkiyə və 5.9 mm qalınlığa sahib olmasına baxmayaraq o, dünyanın 11 düym ölçülü ən nazik planşet modelidir. Planşet iki versiyada təqdim olunub. Onlardan biri Snapdragon 870 prosessoruna, digəri isə Snapdragon 888 prosessoruna sahibdir.

İki planşet modeli prosessor ilə yanaşı həmçinin daxili yaddaş həcmi, RAM yaddaşı və sürətli şarj texnologiyasının göstəricisi ilə bir-birindən fərqlənir. Digər bütün özəlliklər hər iki planşetdə eynidir. Beləliklə MatePad Pro 11 planşeti 120 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 11 düym OLED ekran ilə təchiz olunub. Ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Snapdragon 870 prosessoruna sahib model özündə 8 GB RAM-ı və 128/256 GB yaddaş həcmini və 40 vatt gücündə sürətli şarj texnologiyasını birləşdirir. Snapdragon 888 prosessoruna sahib model isə 12 GB RAM, 128/256/512 GB yaddaş həcmi və 66 vatt gücündə sürətli şarj texnologiyası ilə təchiz olunub.

Hər iki planşet modeli 13 MP (f/1.8 diafraqma, avtofokus) + 8 MP (f/2.2 diafraqma, fikslənmiş fokus) ikili arxa kamera, 16 MP-lik (f/2.2 diafraqma, fikslənmiş fokus) ön kamera və 8300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, planşetin əsas 16 MP-lik kamerası saniyədə 30 kadr sürətlə 4K keyfiyyətində, ön kamerası isə saniyədə 30 kadr sürətlə 1080p keyfiyyətində videolar çəkə bilir. Planşetdə NFC çip və sudan qorunma özəlliyi olmasa da, o özündə 6 ədəd stereo səsgücləndiricini birləşdirir. Bununla yanaşı planşet M Pencil stilusunun dəstəyinə sahibdir. MatePad Pro 11 HarmonyOS 3.0 vasitəsilə çalışır. Planşet 10 avqust tarixində Çində satışa çıxacaq. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir. Planşetin Çindəki satış qiymətləri aşağıdakı kimi olacaq:
- Snapdragon 870 + 128 GB yaddaş - 518$
- Snapdragon 870 + 256 GB yaddaş - 592$
- Snapdragon 888 + Wi-Fi + 128 GB yaddaş - 562$
- Snapdragon 888 + Wi-Fi + 256 GB yaddaş - 636$
- Snapdragon 888 + Wi-Fi + 512 GB yaddaş - 814$
- Snapdragon 888 + LTE + 256 GB yaddaş - 784$
- Snapdragon 888 + LTE + 512 GB yaddaş + stilus + klaviatura - 1140$.

İndi isə keçək Watch 3 Pro (2022) smart saatına. Sözügedən yeni smart saat əvvəlki Watch 3 Pro modelindən təkcə əməliyyat sistemi ilə deyil, həmçinin yeni tibbi funksiya və daha dəqiq GPS naviqasiyası ilə fərqlənir. Yeni tibbi funksiya dedikdə məhz elektrokardioqrafiyadan gedir. Belə ki, sözügedən smart saat 30 saniyə ərzində elektrokardioqrafiya prosesini reallaşdıra bilir. Öncəki Watch 3 Pro modeli kimi yeni smart saat da 466x466 piksel keyfiyyətli 1.43 düym dairəvi AMOLED ekran ilə təchiz olunub. Smart saatın gövdəsi titan və keramikadan hazırlanıb və 5ATM standartı üzrə sudan qorunur.

Saatda olan eSIM çipi vasitəsilə o, müstəqil şəkildə zənglərin reallaşdırılması və mesajların göndərilməsi imkanını verir. Bu halda smartfondan istifadəyə ehtiyac qalmır. Smart saatın hansı həcmdə batareyaya sahib olduğu barəsində məlumat verilməsə də, şirkət qeyd edib ki, aktiv istifadə zamanı Watch 3 Pro (2022) 4 gün ərzində, gözləmə rejimi zamanı isə 21 gün ərzində çalışa bilir. Digər bütün özəlliklər və funksiyalar baxımından yeni model əvvəlki Watch 3 Pro-nun kopyasıdır. Yeni model iki versiyada təqdim olunur. Birinci versiya dəri kəmərə, ikinci versiya isə titan kəmərə sahibdir. Smart saat yaxın zamanda Çində satışa çıxacaq. Onun qlobal bazarda satışa çıxıb-çıxmayacağı bilinmir. Beləliklə Çində Watch 3 Pro (2022) modelinin dəri kəmərli versiyası 443$-a, titan kəmərli versiyası isə 547$-a satılacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

HUAWEI WATCH 5-ZAMANI AŞAN DİZAYN VƏ PREMİUM KEYFİYYƏT ESTETİK GÖRÜNÜŞ VƏ DÖZÜMLÜ KORPUS
