main-post-cover

    Huawei yeni smart saatı olan Watch GT Cyber-i təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    03.11.2022
    Emil Nəcəfov
        Huawei şirkəti yeni qatlana bilən Pocket S smartfonu ilə yanaşı həmçinin Watch GT Cyber adlı qeyri-adi smart saatını da təqdim edib. Sözügedən yeni smart saatın qeyri-adiliyi ondan ibarətdir ki, o dünyada ilk dəfə dəyişdirilə bilən siferblat konstruksiyasını əldə edib. Bunun sayəsində isə smart saatın dizaynını dəyişmək olar. Bu məsələdə seçim üçün istifadəçiyə iki variant təqdim edilir: Functional Elegant. Birinci variant halında siferblatın gövdəsi aktiv istifadə üçün nəzərdə tutulur və o, metal ilə plastik materiallardan hazırlanıb. İkinci variant halında isə siferblatın gövdəsi paslanmaz poladdan və keramikadan hazırlanıb. O daha çox smart saatdan gündəlik istifadə üçün nəzərdə tutulub.
        Huawei bildirib ki, smart saatın gövdəsi cızıqlara, aşağı və yuxarı temperaturlara dözümlüdür. Bununla yanaşı Huawei GT Cyber-i 50 metr su dərinliyinə endirmək mümkündür. Sözügedən smart saat funksionallıq baxımından digərlərindən heç də fərqlənmir. Belə ki, o da digər smart saatlar kimi ürək döyüntülərini ölçə, qandakı oksigen miqdarını təyin edə, yuxu və stress səviyyəsini monitorinq edə bilir. Watch GT Cyber özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir və HarmonyOS 3.0 əməliyyat sistemi vasitəsilə çalışır. Bununla yanaşı smart saat çoxlu sayda idman rejimlərini dəstəkləyir. Təqdimat çərçvisində Huawei smart saatın digər texniki özəllikləri barəsində məlumat verməyib. Qeyd etmək lazımdır ki, Watch GT Cyber modeli 10 noyabr tarixində satışa çıxacaq. Functional siferblatına sahib model 175$-a, Elegant siferblatına sahib model isə 205$-a satılacaq.
    Linki kopyala