
MWC 2023: Lenovo hərəkətli ekrana sahib noutbukun prototipini sərgiləyib (VİDEO)
Elm & Texnologiya
28.02.2023
Emil
Dünən MWC 2023 sərgisinin birinci günü çərçivəsində Motorola brendi hərəkətli ekrana sahib Motorola Rizr adlı yeni konseptual smartfonunu sərgilədi. İndi isə Lenovo şirkəti Motorola Rizr-in sahib olduğu texnologiyaya bənzər texnologiyanı özündə birləşdirən noutbukun prototipini sərgiləyib. Söhbət, hərəkətli ekrana sahib noutbukdan gedir. Lenovo qeyd edib ki, sözügedən noutbuk hələ ki, erkən hazırlanma mərhələsindədir və onun satışa çıxması barəsində danışmaq çox tezdir. Lakin bununla belə hərəkətli ekrana sahib noutbukun bəzi texniki özəllikləri məlum olub. Xarici görünüşcə noutbuk digər adi noutbuklardan fərqlənmir. Adi rejimdə o, 12.7 düym ekrana sahibdir.
Lakin xüsusi düyməyə klikləyən zaman onun ekranı yuxarı istiqamətə uzanır və bu halda noutbuk artıq 15.3 düym ekrana sahib olur. Bununla belə ekranın ölçüsü böyüyən zaman onun piksel göstəriciləri də artır. Belə ki, adi rejimdə ekranın piksel göstəricisi 2024x1604 piksel təşkil edirsə, böyüdülmüş ekran rejimində bu göstərici 2024x2368 piksel təşkil edir. Hərəkətli ekranın dözümlülük məsələsi barəsində məlumat verən zaman Lenovo qeyd edib ki, sözügedən ekran 20 000-30 000 dövr böyümə və kiçilmə prosesinə tab gətirə bilir. Sərgidə iştirak edən jurnalistlərin sözlərinə əsasən noutbukun ekranı ləng şəkildə böyüyür. Bu proses təqribi olaraq 10 saniyə ərzində baş verir. Əlavə olaraq jurnalistlər qeyd ediblər ki, böyüdülmüş rejimdə ekran üzərində qatlanma izləri görünür.
Paylaş
Bənzər xəbərlər