main-post-cover

    Redmi Watch 2 smart saatı və naqilsiz Redmi Buds 3 Lite qulaqlıqları təqdim olunub - QİYMƏTİ

    Elm & Texnologiya
    28.10.2021
    Farid Pardashunas
        Redmi Note 11 smartfon seriyasından əlavə olaraq Redmi brendi Redmi Watch 2 smart saatını və naqilsiz Redmi Buds 3 Lite qulaqlıqlarını təqdim edib. Redmi Watch 2 modeli keçən ilki Redmi Watch modelinin davamçısıdır. Yeni smart saatın gövdəsi polikarbonat materialdan hazırlanıb. Yeni model 320x360 piksel keyfiyyətli 1.6 düym AMOLED ekrana sahibdir. Redmi Watch 2 silikon materialdan hazırlanmış kəmər ilə təchiz olunub və saatın çəkisi 32 qramm təşkil edir. Bununla yanaşı smart saat 5ATM standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Qeyd etmək lazımdır ki, Redmi Watch 2 ürək ritmi tezliyini və qandakı oksigen miqdarını təyin edə, yuxu keyfiyyəti ilə stress səviyyəsinin monitorinqini reallaşdıra bilir.
        Həmçinin smart saat GPS və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çip dəstəyini əldə edib. Smart saat 117 növ idman rejimini dəstəkləyir. Yeni model Android 5 ilə iOS 10-nu və onlardan daha yuxarı versiyalarla çalışan cihazları dəstəkləyir. Həmin cihazlara qoşulma prosesi isə Bluetooth 5.0 vasitəsilə reallaşdırılır. Redmi Watch 2 225 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Şirkətin verdiyi məlumata əsasən adi rejimdə smart saat 12 gün, intensiv istifadə rejimində 7 gün, fasiləsiz GPS istifadəsi rejimində isə 18 saat ərzində çalışa bilir. Xiao AI adlı səsli köməkçinin dəstəyi də Redmi Watch 2-də mövcuddur. Redmi Watch 2 modeli 65$ qiymətində satılır.
        Naqilsiz Redmi Buds 3 Lite qulaqlıqlarına gəldikdə isə onlar Redmi Buds 3-ün daha sadələşdirilmiş versiyalarıdır. Yeni qulaqlıqlar maraqlı görünüşə sahibdirlər və məhz xarici görünüşcə Redmi Buds 3-dən bir qədər fərqlənirlər. Şirkət yeni qulaqlıqların dizaynlarını pişik qulaqlarına bənzədir. Məlumata əsasən bu cür dizaynın sayəsində yeni qulaqlıqlar daha rahat şəkildə istifadəçi qulaqlarında yerləşirlər. Məlumdur ki, Redmi Buds 3 Lite modeli 6 mm-lik dinamik drayverlər ilə təchiz olunub və Bluetooth 5.2 dəstəyinə sahibdir.
        Qulaqlıqlarda həmçinin sensorlu idarəetmə sistemi reallaşdırılıb. Qulaqlıqlar USB Type-C girişinə sahib xüsusi şarj keysinə sahibdirlər. Məlumata əsasən şarj keysi olmadan qulaqlıqlar 5 saat ərzində çalışa bilirlər. Şarj keysi ilə birlikdə isə çalışma müddəti 18 saat təşkil edir. Onu da qeyd etmək lazımdır ki, Redmi Buds 3 Lite modeli IP54 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Çində sözügedən qulaqlıqlar 15$-a satılır. Redmi Buds 3 Lite modelinin beynəlxalq bazarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər