main-post-cover

    Snapdragon 8 Gen 1 prosessorlu smartfonların ön kameraları daimi şəkildə aktiv olacaqlar

    Elm & Texnologiya
    01.12.2021
    Emil Nəcəfov
        Snapdragon 8 Gen 1 prosessoruna sahib olacaq smartfonların ön kameraları daimi şəkildə aktiv olacaqlar. Bu proses hətta smartfonun blok rejimində olduğu zaman da davam edəcək. Bu məlumatı yeni prosessorun təqdimatı çərçivəsində Qualcomm şirkətinin məhsullar üzrə prezidenti Judd Heape verib. Qualcomm-un fikrincə bu cür funksiya bir sıra yeni imkanın təqdim edilməsinə şərait yaradacaq. Lakin bundan əlavə bu funksiya konfidensiallıq üçün ciddi təhlükə mənbəyi ola bilər. Bu barədə The Verge saytı xəbər verib. Artıq heç kim üçün sirr deyil ki, müasir texnologiyaların böyük hissəsi istifadəçi məlumatlarının yığılmasında istifadə edilir. Daimi şəkildə aktiv olan ön kamera isə bu məsələdə qorxunc səslənir. Mütəxəssislərin fikirlərinə əsasən bu funksiyanın verə biləcəyi zərər onun potensial üstünlükləri ilə rahatlığını üstələyir.

    Qualcomm-un verdiyi məlumata əsasən bu yeni funksiyanın əsas ideyası ondan ibarətdir ki, smartfon istifadəçidən heç bir əlavə hərəkəti tələb etmədən blok rejimindən çıxa biləcək.

        Bu halda istifadəçi cihazı əli ilə qaldırmalı və ya ekrana klikləməli olmayacaq. Əslində bu, əllərin məşğul olduqları zaman çox rahat ola bilər. Qualcomm həmçinin bu funksiyanı təhlükəsizlik səviyyəsini yüksəldən faktor kimi də qələmə verir. Məsələn cihaz kamerası ekrana kənar şəxsin baxdığını təyin edən kimi ekranı blok rejiminə sala bilər. Bu cür funksiyanın faydalı ola biləcəyinə baxmayaraq, konfidensiallıq məsələsində bir xeyli sual yaranır. Qeyd etmək lazımdır ki, smart cihazlar artıq uzun illərdir ki, daimi şəkildə aktiv olan mikrofonlardan istifadə edirlər. Bunun sayəsində onlar Apple Siri, Google Assistant və ya Amazon Alexa kimi səsli köməkçilərin işə düşmələrinə imkan verirlər. Lakin daimi şəkildə aktiv olan kamera tamamilə yeni səviyyədir.
        Heç sirr deyil ki, Google Nest Hub Max smart ekranı və videoçəkiliş özəlliyinə sahib domofonlar daimi aktiv kamera özəlliyindən istifadə edirlər. Lakin bu cür texnologiyalar müəyyən yerlərdə mövcuddurlar və onlar istifadəçini izləmək kimi bir öhdəliyə sahib deyillər. Snapdragon 8 Gen 1 prosessorunun təqdimatı çərçivəsində Judd Heape bildirib ki, bu funksiya çərçivsində ön kamera sayəsində əldə olunan təsvirlər bulud yaddaşa ötürülmür və smartfondakı tətbiqlər onları əldə edə bilmirlər. Bundan əlavə olaraq istifadəçi daimi aktiv kamera funksiyasını deaktiv etmək imkanına da sahib olacaq. Lakin bu o demək deyil ki, hackerlər və ya dələduzlar ondan istifadə etməyəcəklər. Görünür, ön kameraları lentlə bağlanmış flaqman smartfonların dövrü artıq yaxındır.
    Linki kopyala