
Snapdragon 8 Gen 2 prosessoru performans baxımından hətta A15 Bionic-dən də geridə qalır
Elm & Texnologiya
21.11.2022
Emil
Artıq uzun zamandır belə bir vəziyyət yaranıb ki, smartfonlar üçün nəzərdə tutulmuş prosessorların performans göstəriciləri məsələsində Apple şirkəti bir addım öndədir. Keçən həftə təqdim edilmiş Snapdragon 8 Gen 2 prosessoru da bu vəziyyəti dəyişə bilməyib. Qeyd etmək lazımdır ki, iPhone 14 seriyasına daxil olan adi iPhone 14 və iPhone 14 Plus modelləri keçən ilki A15 Bionic prosessorunun bir qədər təkmilləşdirilmiş versiyası, iPhone 14 Pro və iPhone 14 Pro Max isə A16 Bionic prosessoru ilə təchiz olunurlar.
Lakin məlum olub ki, keçən həftə təqdim edilmiş Snapdragon 8 Gen 2 prosessoru performans baxımından hətta A15 Bionic-dən də geridə qalır. Belə ki, Geekbench 5 bençmark saytında Snapdragon 8 Gen 2 prosessoru bir nüvəli test çərçivəsində 1483 xal, çox nüvəli test çərçivəsində isə 4709 xal toplayıb. Snapdragon 8+ Gen 1 və MediaTek Dimensity 9200 prosessorları ilə müqayisədə bu göstəricilər yüksəkdir. Lakin onlar A16 Bionic-in sərgilədiyi göstəricilərdən aşağıdır.
Belə ki, A16 Bionic prosessoru Geekbench 5-in bir nüvəli testi çərçivəsində 1874 xal, çox nüvəli testi çərçivəsində isə 5372 xal toplayır. Maraqlısı ondadır ki, Snapdragon 8 Gen 2 sözügedən bençmark saytının bir nüvəli testi məsələsində hətta A15 Bionic-dən də geridə qalır. A15 Bionic prosessoru Geekbench 5-in bir nüvəli testi çərçivəsində 1709 xal toplayır. Burdan da belə qənaətə gəlmək olar ki, Apple hal hazırda bazarda ən güclü mobil prosessorlara sahibdir. Qualcomm ilə MediaTek isə bu vəziyyəti hələ dəyişə bilmirlər.
Paylaş
Bənzər xəbərlər