main-post-cover

    Xiaomi Mi9-un daha təkmilləşdirilmiş versiyası olan Mi9 Pro 5G - Qiymətlər

    Elm & Texnologiya
    24.09.2019
    Farid Pardashunas
        Xiaomi şirkəti Mi Mix Alpha ilə birlikdə Mi9-un təkmilləşdirilmiş versiyası olan Mi9 Pro 5G modelini də təqdim etdi. Xarici görünüşcə Mi9 Pro 5G modeli ilin əvvəlində təqdim edilmiş Mi9-a bənzəsə də texniki göstəricilər baxımından nəzərə çarpacaq dərəcədə yeniliklər əldə edib. Smartfon 6.39 düym AMOLED ekrana sahibdir və ekranın üzərində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissə yerləşdirilib. Smartfonun ekranı ön panelin 90.7%-ni əhatə edir.
        Smartfon həmçinin Snapdragon 855 Plus prosessoru, 8/12 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 5G çip və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun batareyası 40 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyasını dəstəkləyir. Bu vasitə ilə smartfon 5 dəqiqə şarj olunandan sonra 20% enerji, 48 dəqiqə şarj olunandan sonra isə 100% enerji yığa bbilir. Smartfonda həmçinin 30 vatt gücündə naqilsiz sürətli şarj texnologiyası da reallaşdırılıb. Bu texnologiyanın köməyilə smartfon 50% enerjini 25 dəqiqəyə, 100% enerjini isə 69 dəqiqəyə yığır.
        Şirkət bununla yetinməyərək Mi9 Pro 5G-də həm də 10 vatt gücündə olan ikitərəfli şarj texnologiyasını reallaşdırıb. Onun vasitəsilə smartfon digər cihazları da şarj edə bilir. Bunun üçün hansısa cihazı smartfonun arxa panelinin üzərinə qoymaq lazımdır. Kameralara gəldikdə isə smartfon üç arxa kamera əldə edib: 48 MP + 16 MP + 12 MP. Smartfon həmçinin 20 MP-lik ön kameraya da sahibdir. Smartfon 5G şəbəkəsi sürətində yüksək nəticələr sərgiləyib. Belə ki, 5G çipin vasitəsilə smartfonun yükləmə sürəti saniyədə 1.78 Gbit təşkil edib. Pik göstərici isə saniyədə 2.02 Gbit-dir.
        Şirkət həmçinin qeyd edib ki, smartfon n41, n78 n79 da daxil olmaqla bir neçə 5G tezlik diapazonunu dəstəkləyir. Məsələn 400 MB həcmli olan faylı smartfon 3 saniyəyə, 1.89 GB həcmli faylı isə 15 saniyəyə yükləyə bilir. Beləliklə 8 GB RAM və 128 GB daxili yaddaşa sahib model 523$-a, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib model 537$-a, 12 GB RAM və 256 GB daxili yaddaşa sahib model 580$-a, 12 GB RAM və 512 GB daxili yaddaşa sahib model isə 609$-a satılacaq. Mi9 Pro 5G 27 sentyabr tarixində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər