main-post-cover

    Xiaomi şirkətinin ilk elektromobili barəsində yeni məlumatlar verilib

    Elm & Texnologiya
    09.01.2023
    Emil Nəcəfov
        Dünən xəbər verilmişdi ki, Xiaomi şirkəti Çinin avtomobil yollarında öz ilk elektromobilini test etməyə başlayıb. Belə ki, Xiaomi-yə məxsus olduğu güman edilən avtomobil Çinin avtomobil yollarında görülüb. İndi isə Jiemian adlı sayt Xiaomi-yə yaxın olan mənbələrinə istinadən xəbər verib ki, şirkətin ilk elektromobili iki versiyada təqdim ediləcək. Məlumatda qeyd edilib ki, onlardan biri 400 voltluq, digəri isə 800 voltluq platforma əsasında qurulacaq.
        Bununla belə elektromobilin adi versiyası BYD LifePO4 adlı litium-dəmir-fosfat batareya, bir qədər böyük ölçüyə sahib olacaq versiyası isə CATL Qilin adlı batareya ilə təchiz olunacaq. Elektromobilin hər iki versiyası Qualcomm və yeni nəsil NVIDIA Orin X çipləri ilə təchiz olunacaq. Məlumata əsasən şirkət öz ilk elektromobilini artıq bu il təqdim edəcək. Onun kütləvi istehsalına isə 2024-cü ildə start veriləcək. Qeyd etmək lazımdır ki, şirkət öz elektromobilini məhz 2024-cü ildə satışa çıxartmağı planlaşdırır. İnsayderlər bildiriblər ki, ilk elektromobilin istehsalına startın verilməsindən 1 il sonra şirkət Le Mans kod adına sahib ikinci elektromobilini təqdim edəcək.
    Linki kopyala