main-post-cover

    Xiaomi Watch Color 2 smart saatı və naqilsiz Mi True Wireless Earphones 3 Pro qulaqlığı təqdim olunub

    Elm & Texnologiya
    27.09.2021
    Farid Pardashunas
        Xiaomi şirkəti Civi adlı yeni smartfon ilə birlikdə həmçinin Xiaomi Watch Color 2 smart saatını və naqilsiz Mi True Wireless Earphones 3 Pro qulaqlığını təqdim edib. Xiaomi Watch Color 2 smart saatı böyük AMOLED ekran, çoxlu sayda idman məşqlərinin dəstəyini və sudan qorunma özəlliyini əldə edib. Beləliklə sözügedən smart saat 60 Hz-lik təsvir yenilənməsinə sahib 1.43 düym AMOLED ekran ilə təchiz olunub. Smart saat ürək döyüntülərinin təyinini, yuxu keyfiyyətinin monitorinqini, qandakı oksigen səviyyəsinin ölçülməsini və GPS üzərindən istifadəçinin yerləşdiyi yeri təyin etməyi bacarır.
        Smart saat həmçinin 117 növ idman məşqinin analizini aparmağa imkan verir. Xiaomi Watch Color 2-nin gövdəsi sudan qorunma özəlliyinə sahibdir və 5 atmosfer təzyiqə dözmək bacarığını özündə birləşdirir. Smart saatda həmçinin kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC modul da quraşdırılıb. Lakin bu özəllik yalnız Çində çalışacaq. Şirkətin verdiyi məlumata əsasən bir dəfə şarj olunandan sonra smart saat 12 gün ərzində çalışa bilir. Xiaomi Watch Color 2 30 sentyabr tarixində 155$ qiymətində Çində satışa çıxacaq. Smart saatın qlobal versiyasının olub-olmayacağı bilinmir.
     
        İndi isə keçək naqilsiz Mi True Wireless Earphones 3 Pro qulaqlıqlarına. Sözügedən qulaqlıqlar ətraf səs-küyün aktiv boğulması funksiyasını, şəffaf rejimini və həcmli səslənmə funksiyasını əldə ediblər. Xiaomi-nin verdiyi məlumata əsasən bu qulaqlıqlar daha rahat dizaynda hazırlanıblar. Onlar əvvəlki modellərdən 17% daha yüngül və 11% daha kiçikdirlər. Hər qulaqlığın çəkisi cəmi 4.8 qramm təşkil edir. Şirkət yeni qulaqlıqların səs keyfiyyətlərini Hi-Fi ilə eyni səviyyədə tutur.
        Mi True Wireless Earphones 3 Pro ətraf səs-küyün aktiv boğulmasını dəstəkləyir və ətraf mühitdəki səs-küyü 40 dB (desibel) aşağı endirir. Şəffaf rejimi isə öz növbəsində ətraf səslərin eşidilməsi imkanını yaradır. Bunun sayəsində istifadəçi qulaqlıqları çıxartmadan digər şəxs ilə ünsiyyət qura biləcək. Şirkətin verdiyi məlumata əsasən şarj keysini nəzərə almaqla qulaqlıqlar 27 saat ərzində çalışa bilirlər. Mi True Wireless Earphones 3 Pro artıq satışa çıxıb və 108$-a satılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər