main-post-cover

    Xiaomi Watch S1 smart saatı və naqilsiz Xiaomi Buds 3 qulaqlıqları təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    28.12.2021
    Farid Pardashunas
        Dünən Xiaomi şirkəti Xiaomi 12 flaqman smartfon seriyası və MIUI 13 istifadəçi interfeysindən əlavə olaraq Watch S1 smart saatını və naqilsiz Xiaomi Buds 3 qulaqlıqlarını təqdim etdi. İlk öncə Watch S1 smart saatından başlayaq. Şirkət sözügedən smart saatı iş adamları üçün nəzərdə tutulmuş premium smart saat kimi qələmə verir. Sözügedən smart saatın premium olduğu ilk öncə onun paslanmaz poladdan hazırlanmış gövdəsindən bəlli olur. Bundan əlavə olaraq smart saatın ekranı sapfir materialdan hazırlanmış qoruyucu şüşə ilə əhatə olunub.
        Xiaomi-nin sözlərinə əsasən Watch S1 bir dəfə şarj olunandan sonra 12 gün ərzində adi rejimdə və 24 gün ərzində ekonom rejimdə çalışa bilir. Smart saat 60 Hz-lik təsvir yenilənməsinə sahib 466x466 piksel keyfiyyətli 1.43 düym AMOLED ekran ilə təchiz olunub. Watch S1 modeli BES2500BP adlı prosessor əsasında çalışır və 4 GB RAM ilə 32 GB daxili yaddaşla təchiz olunub. O həmçinin GPS, GLONASS GALILEO kimi peyk naviqasiya texnologiyalarını dəstəkləyir. Smart saatda 117 ədəd idman rejimi mövcuddur.
        İstifadəçinin səhhətinin monitorinqi məsələsinə gəldikdə, Watch S1 modeli ürək döyüntülərinin tezliklərini, qandakı oksigen miqdarını və yuxu keyfiyyətini ölçə bilir. Smart saat kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC texnologiyası ilə də təchiz olunub. İstifadəçi daxil olan zənglərə Bluetooth üzərindən smart saat vasitəsilə cavab verə bilər. Silikon materialdan hazırlanmış kəmərə sahib model 175$-a, dəri materialdan hazırlanmış kəmərə sahib model isə 190$-a satılacaq.
        İndi isə keçən naqilsiz Xiaomi Buds 3 qulaqlıqlarına. Sözügedən qulaqlıqlar bəzi təkmilləşdirilmiş özəlliklər ilə diqqəti cəlb edirlər. Sentyabr ayında təqdim edilmiş Xiaomi Mi True Wireless Earphones 3 Pro qulaqlıqları kimi Xiaomi Buds 3 də ətraf səs-küyün aktiv boğulması (ANC) texnologiyasının dəstəyinə sahibdir. Bu texnologiya vasitəsilə qulaqlıqlar ətraf səs-küyü 40 dB-ə (desibel) kimi endirə bilirlər.
        Bununla belə sözügedən qulaqlıqlarda reallaşdırılmış ANC texnologiyası istifadə ssenarisindən asılı olaraq 3 fərqli rejimdə çalışa bilir. Qulaqlıqlar ikili maqnit dinamik drayverlər ilə təchiz olunublar. Bu da Xiaomi Buds 3-ün premium özəlliyi hesab edilir. Həmin drayverlər səsin yüksək dəqiqliyini orijinala yaxın səslənmə keyfiyyəti ilə birlikdə təmin edirlər. Qulaqlıqlar bir dəfə şarj olunandan sonra 7 saat ərzində çalışa bilirlər. Lakin xüsusi şarj keysi sayəsində bu göstərici 32 saata yüksəlir. Xiaomi Buds 3 Çin bazarında 31 dekabr tarixində satışa çıxacaq. Onun qiyməti 80$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər