main-post-cover

    Yeni Apple Watch modelləri və naqilsiz AirPods Pro 2 təqdim olunub - QİYMƏTİ

    Elm & Texnologiya
    07.09.2022
    Farid Pardashunas
        Apple şirkəti iPhone 14 seriyası ilə birlikdə həmçinin yeni Apple Watch smart saat modellərini və naqilsiz AirPods Pro 2 qulaqlıqlarını təqdim edib. İlk öncə Apple Watch smart saatlarına nəzər salaq. Şirkət 3 yeni Apple Watch modelini təqdim edib: Watch 8, Watch SE 2Watch Ultra. Xarici görünüşcə Watch 8 modeli keçən ilki Watch 7-dən heç də fərqlənmir. Watch 8 də həminki böyük ölçülü ekrana və bir qədər əyilmiş kənar hissələrə sahibdir. Lakin yeni özəlliklər smart saatın məhz texniki tərəfini əhatə edirlər. Onlardan ən əsası da ondadır ki, Watch 8 bədən temperaturunun ölçülməsi funksiyasını əldə edib. Watch 8 bütün gecə ərzində hər 5 dəqiqədən bir istifadəçinin bilək temperaturunu ölçərək baza temperatur göstəricisindən olan fərqləri təyin edir və bu barədə Health tətbiqi vasitəsilə istifadəçiyə bildirir. Qadın istifadəçilər sözügedən funksiyadan istifadə edərək menstrual dövrə daha yaxşı nəzarət edə bilərlər.
        Bundan əlavə olaraq smart saat ürək döyüntülərinin ölçülməsi sensoru, elektrokardioqrafiya, 3 oxlu hiroskop və yüksək sürətlənmə gücünə sahib akselerometr ilə təchiz olunub. 3 oxlu hiroskop və yüksək sürətlənmə gücünə sahib akselerometr sayəsəində Watch 8-də daha bir yeni funksiyanı reallaşdırmaq mümkün olub. Söhbət, qəzaların təyin edilməsi funksiyasından gedir. Belə ki ani titrəyişlər və düşüş zamanı Watch 8 bunları təyin edir və avtomatik olaraq fövqəladə hallar xidməti ilə əlaqə yaradır. Smart saat tərəfindən təyin edilmiş bu cür hallar səhv olduğu halda istifadəçi fərdi şəkildə əlaqəni dayandıra bilər. Əks halda smart saat fövqəladə hallar xidməti ilə əlaqə yaradacaq və sizin yerləşdiyiniz yer barəsində məlumatları həmin xidmətə ötürəcək.
        Daha bir yenilik smart saatın çalışma müddəti ilə bağlıdır. Adi istifadə çərçivəsində smart saat 18 saat ərzində çalışa bilir. Lakin smart saata həmçinin enerji sərfiyyatına qənaət rejimi də əlavə olunub. Onun sayəsində Watch 8 modeli 36 saat ərzində çalışa bilir. Bu rejim Loud Power Mode adını əldə edib və o, watchOS 9-da istifadəyə veriləcək. Bu isə o deməkdir ki, sözügedən rejimi Watch 8 ilə yanaşı həmçinin Watch 4 və ondan sonra satışa çıxmış modellər də əldə edəcəklər. Watch 8 modeli 16 sentyabr tarixində satışa çıxacaq. GPS versiyalı model 399$-a, GPS və eSIM dəstəkli model isə 499$-a satılacaq.
        Watch SE 2 modeli 2020-ci ildə təqdim edilmiş orijinal Watch SE-nin davamçısıdır. O, adi Watch 8-in bəzi funksiyalarını özündə birləşdirir və daha ucuz qiymətə satılır. Əsas olan odur ki, Watch 8 kimi Watch SE 2 də qəzaların təyin olunması funksiyasını dəstəkləyir. Bununla yanaşı Watch SE 2-nin gövdəsi WR50 standartı üzrə sudan qorunur və ürək döyüntülərinin ölçülməsi sensoru ilə təchiz olunub. Lakin Watch 8-dən fərqli olaraq Watch SE 2 modeli Always on Display funskiyası ilə bədən temperaturunun ölçülməsi özəlliyini əldə etməyib. Məlumatda qeyd edilib ki, Watch SE 2 modeli keçən ilki Watch 7 modellərindən 20% daha sürətlə çalışır. Bununla yanaşı onun ekran ölçüsü Watch 3 modellərinin ekran ölçülərindən 30% daha böyükdür. Watch SE 2 də 16 sentyabr tarixində satışa çıxacaq. GPS dəstəkli model 249$-a, eSIM dəstəkli model isə 299$-a satılacaq.
        Apple Watch Ultra modelinə gəldikdə isə o əsasən idmançılar və ekstremal vəziyyətlərdə çalışan professionallar üçün nəzərdə tutulub. Sözügedən model öz titan gövdəsi və yaqut şüşə örtüklü ekranı ilə fərqlənir. Xarici görünüşcə Watch Ultra-nı rahatlıqla digərlərindən fərqləndirmək oalr. Belə ki, sözügedən smart saat sol tərəfdən əlavə narıncı düyməni özündə birləşdirir. Onun dairəvi Digital Crown adlı hərəkətli düyməsi isə daha böyük ölçüdə reallaşdırılıb. Nəticədə həmin düymədən əlcəklə və ya suyun altında istifadə etmək çox rahatdır. Sol tərəfdə yerləşən əlavə narıncı düyməyə gəldikdə isə istifadəçi onun yerinə yetirəcəyi əməliyyatı öz istəyinə uyğun seçə bilər. Sualtı aktivliklər üçün Watch Ultra modeli dərinliyin ölçülməsi sensorunu əldə edib və onun gövdəsi WR100 standartı üzrə sudan qorunur.
        Smart saatın ekranı 2000 nit parlaqlıq səviyyəsinə sahibdir. Bununla yanaşı onun gövdəsi özündə yüksək səs ötürməyə qadir səsgücləndiricini birləşdirir. Bu səsgücləndirici vasitəsilə ötürülən səs siqnalını 190 metr məsafədən eşitmək mümkündür. Smart saat istifadəçinin qanındakı oksigen miqdarını, bədən temperaturunu ölçə və həmçinin elektrokardioqrafiyanı reallaşdıra bilir. Sözügedən model 100 metr dərinliyə kimi enişə tab gətirə bilir. Watch Ultra modeli daha təkmilləşdirilmiş 2 diapazonlu GPS sistemi ilə təchiz olunub. Smart saat bir dəfə şarj olunandan sonra 36 saat ərzində çalışa bilir. Enerji sərfiyyatına qənaət rejiminin aktivləşdirildiyi halda isə bu göstərici 60 saat təşkil edir. Apple Watch Ultra 23 sentyabr tarixində 799$ qiymətində satışa çıxacaq.
        İndi isə keçək Apple şirkətinin təqdim etmiş olduğu son yeni məhsuluna. Söhbət, naqilsiz AirPods Pro 2 qulaqlıqlarından gedir. Sözügedən qulaqlıqlar ətraf səs-küyün daha təkmilləşdirilmiş şəkildə boğulması funksiyasını, yeni çipi və əvvəlki AirPods Pro ilə müqayisədə yeni özəllikləri əldə ediblər. Xarici görünüşcə yeni qulaqlıqlar əvvəlkilərdən heç də fərqlənmirlər. Lakin buna baxmayaraq AirPods Pro 2 bir sıra maraqlı funksiya əldə edib. İlk növbədə qeyd etmək lazımdır ki, AirPods Pro 2 yeni Apple H2 çipi ilə təchiz olunub.
        Şirkətin verdiyi məlumata əsasən AirPods Pro ilə müqayisədə AirPods Pro 2-də ətraf səs-küyün boğulması funksiyası 2 dəfə daha yaxşı çalışır. Bununla yanaşı istifadəçi iPhone-dan istifadə edərək AirPods Pro 2 vasitəsilə öz qulaqlarının daxili xəritəsini yarada bilər. Bu isə öz növbəsində personal səslənmənin daha yaxşı təşkilini mümkün edir. Yeni qulaqlıqların idarəetmə sistemlərində də bəzi dəyişikliklər reallaşdırılıb. Standart klikləmələr ilə yanaşı bundan sonra istifadəçilər sürüşdürmə hərəkətləri vasitəsilə də qulaqlıqları idarə edə biləcəklər. Spatial Audio adlı adaptiv şəffaf rejim lazımi səsləri avtomatik olaraq seçir və buraxır.
        Yeni drayverlər vasitəsilə isə səs bütün diapazonlarda daha təmiz səslənəcək. Bundan əlavə olaraq AirPods Pro 2-nin komplektində kiçik ölçülü silikon başlıqlar da mövcuddur. Qulaqlıqların şarj keysində dəyişiklik edilib. Belə ki, şarj keysi xüsusi səsgücləndiriciyə sahibdir və o, şarj keysinin itdiyi halda onun tapılmasında yardımçı olur. Yenilik bununla bitmir. AirPods Pro 2-nin şarj keysini Apple Watch-un naqilsiz şarj cihazı, MagSafe və ya Qi standartını dəstəkləyən istənilən digər aksesuar vasitəsilə şarj etmək mümkündür. AirPods Pro 2 bir dəfə şarj olunandan sonra 6 saat ərzində çalışa bilir. Şarj keysi ilə birlikdə bu göstərici 30 saat təşkil edir. Naqilsiz qulaqlıqlar 23 sentyabr tarixində 249$ qiymətində satışa çıxacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər