Logo
    main-post-cover

    Intel CEO-su Çin ilə əlaqələrini təkzib edib

    Tech-Biznes
    08.08.2025
    Emil
         Dünən ABŞ prezidentinin Intel-in baş direktoru Lip-Bu Tan-ın dərhal istefasını tələb edən açıqlaması yayılandan sonra nüfuzlu ABŞ nəşrlərinin səhifələrində şirkət rəhbərinin Çin biznesi ilə əlaqələrinə və Intel-in idarə heyəti ilə ziddiyyətlərinə işarə edən müxtəlif ifşaedici materiallar dərc olunmağa başladı. Lip-Bu Tan isə bütün bunların həqiqətə uyğun olmadığını bildirməyə tələsdi. Bloomberg-in məlumatına görə, Intel-in baş direktoru son günlər Çin iqtisadiyyatına etdiyi investisiyalar barədə formalaşan təsəvvürlərin dezinformasiyaya əsaslandığını bəyan etmək üçün Ağ Evə və korporasiya əməkdaşlarına müraciət etmək məcburiyyətində qalıb.
         O, həmçinin əlavə edib ki, Intel-in idarə heyətinin tam dəstəyindən istifadə etməyə davam edir. Lip-Bu Tan qeyd edib ki, ABŞ artıq 40 ildən çoxdur onun evidir və o, bu ölkəni çox sevir, həmçinin ona verdiyi imkanlar üçün minnətdardır. Intel-ə rəhbərlik etmək imkanını böyük imtiyaz saydığını və göstərilən etimada çox dəyər verdiyini vurğulayıb. Walden International Cadence Design Systems-dəki idarəçilik fəaliyyəti ilə bağlı olaraq Lip-Bu Tan yalnız onu qeyd etməyi vacib sayıb ki, sənayedəki 40 ildən artıq iş fəaliyyəti ərzində həmişə qanuniliyə və ən yüksək etik standartlara riayət prinsiplərinə sadiq qalıb.
         O özünü sözübütöv insan hesab edir və bu prinsipə Intel-ə rəhbərlik edərkən də sadiq qalmaq niyyətindədir. Şirkət rəhbəri həmçinin Donald Trump-ın ABŞ-ın milli və iqtisadi təhlükəsizliyinin gücləndirilməsi sahəsindəki prioritetlərinə sadiqliyini ifadə edib. Intel-in idarə heyəti Lip-Bu Tan-ın şirkətin transformasiyasına yönəlmiş addımlarını tam dəstəkləyir və rəhbərlik bu istiqamətdə irəliləyiş əldə etməyə nail olur. Lip-Bu Tan üçün xüsusilə önəmli məsələ bu ilin sonuna qədər ABŞ-da qabaqcıl texnologiyalardan istifadə etməklə çiplərin kütləvi istehsalını qurmaq bacarığıdır. Bu kontekstdə söhbətin Intel 18A texnoloji prosesi barədə getdiyi aydındır.
    Paylaş