Logo
    Paramount və Warner Bros. Discovery birləşərək Skydance adı ilə işləyəcək

    Paramount və Warner Bros. Discovery birləşərək Skydance adı ilə işləyəcək

    Tech-Biznes
    02.10.2026
        “Paramount” və “Warner Bros. Discovery” birləşdikdən sonra “Skydance” adı ilə işləyəcək. Yeni adı “Paramount Skydance” şirkətinin baş direktoru David Ellison açıqlayıb. Təxminən 110 milyard dollar (təxminən 187 milyard manat) dəyərində olan razılaşmanın 6 oktyabrda tamamlanması gözlənilir. Beləliklə, Hollivudun 2 böyük studiyası eyni şirkətdə birləşəcək.
    Paramount və Warner Bros. Discovery birləşərək Skydance adı ilə işləyəcək
        “Paramount+” və “HBO Max” platformaları yeni şirkətin idarəçiliyinə keçəcək. “CBS”, “CNN”, “MTV”, “TBS”, “Comedy Central” və “Food Network” telekanalları da bu şirkətə daxil olacaq. “Skydance” həmçinin “Harry Potter”, “The Lord of the Rings”, “Game of Thrones”, “DC Universe” və “Yellowstone” kimi məşhur layihələrə nəzarət edəcək. Bununla belə, studiyaların indiki adları qorunacaq.
        Birləşmə uzun sürən korporativ və hüquqi mübarizədən sonra baş tutur. Daha əvvəl “Netflix” şirkəti “Warner Bros.” studiyasını və yayım biznesini almaq üçün razılığa gəlmişdi. Ancaq sonradan “Paramount”un daha geniş təklifi önə keçdi. Kaliforniya da daxil olmaqla 12 ştat razılaşmanın rəqabəti zəiflədə biləcəyini əsas gətirərək məhkəməyə müraciət etmişdi. Hakim bu həftə tərəflərin razılaşmasını təsdiqləyib və son böyük maneə aradan qalxıb.
    Paramount və Warner Bros. Discovery birləşərək Skydance adı ilə işləyəcək
        Razılaşmanın şərtlərinə görə, “Paramount” növbəti 5 il ərzində müəyyən sayda filmi kinoteatrlarda göstərməlidir. Şirkət ilk 2 ildə ildə 30 film kinoteatrlarda yayımlamalıdır. “CNN” və “CBS News” redaksiyalarının müstəqilliyi ilə bağlı narahatlıqlara görə xəbər müstəqilliyi şurası da yaradılıb. Şura hər iki xəbər qurumunun redaksiya işinə nəzarət edəcək.
        “Skydance” adı David Ellisonun 2006-cı ildə yaratdığı prodüser şirkətindən götürülüb. Ellison deyib ki, yeni korporativ adın “Paramount” və “Warner Bros.” markalarını kölgədə qoymasını istəmirlər. “Mattel” şirkətinin keçmiş sədri və baş direktoru Ynon Kreiz yeni şirkətin ortaq baş direktoru təyin edilib. Birləşmə tamamlandıqdan sonra o, daha böyük şirkəti Ellisonla birlikdə idarə edəcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...